• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 27.05.2019 18:03

Gənclərdə liderlik xüsusiyyəti

KepezTV Player

Ali təhsil hər kəs üçün önəmlidir. Lakin o, insanın müəyyən dövrə qədər inkişafı deməkdir. Çünki bəzən diplom gələcəyimizi tam sığorta etmir. Biz hər birimiz daim öz üzərimizdə işləməli, bilik və bacarıqlarımızı daha da inkişaf etdirməliyik. Bəs, müasir gənclər özünü rəhbər vəzifələrdə görürlərmi? Ümumiyyətlə, onlarda liderlik xüsusiyyətləri, idarəçilik qabiliyyəti varmı ? Bir qədər sonra izləyəcəyiniz süjetdə bax elə bu mövzu araşdırılıb, baxaq...

 

Fəxri Ağayev - təlimçi: “Mən hesab edirəm ki, liderlik anadangəlmə xüsusiyyət ola bilər. Amma bu mütləq deyil. İş adamı olan dostlarımdan görmüşəm ki, onlar liderlik xüsusiyyətlərini sonradan qazanıblar. Bir liderin malik olması gərəkən xüsusiyyətlər əgər səlist danışıq, bədən dili, özünü düzgün təqdim etməsi, insanları inandıra bilməsidirsə, bunlar hamısı fikrimcə, sonradan qazanıla bilən xüsusiyyətlərdir”.

Peşəkar iş adamı Fəxri Ağayevin sözlərinə görə, liderliyin əldə olunmasında cəmiyyət də maraqlı olmalıdır. Bəs görəsən, müasir Azərbaycan gənclərində liderlik xüsusiyyəti hansı səviyyədədir?

Fəxri Ağayev - təlimçi: “Azərbaycan çox da lider yetişdirməyə meyilli bir cəmiyyət deyil. Kiçik yaşdan bizim cəmiyyətdə uşaqlara “sus, danışma, başını sal aşağı, səsin çıxmasın” kimi sözlərlə və xəbərdarlıqlarla biz gənclərimizi və ya insanlarımızı cəmiyyətdə haqsızlığa susan, səsinin tonunu aşağı salan, sözünü özündən yaşca və təcrübəcə böyük insana deyə bilməyən bir insan kimi yetişdiririk. Təbii ki, həmin insanlar da lider olmurlar”.

Rəhbər işçi tək öz fəaliyyəti ilə deyil, tabeçiliyində olan onlarla, bəzən yüzlərlə insanın iş nəticələrinə görə də məsuliyyət daşıyır. Bu baxımdan özünə inamın olması da mühüm sayılır. Lakin mütləq meyarlardan biri həm də liderin özünü idarə edə bilməsidir.

Fəxri Ağayev - təlimçi: “Bir xanımın və ya bir bəyin özünü lider kimi yetişdirməsi üçün bir idarəçinin yanında doğru məlumat alması və bir rol modeli görməsi üçün şərait var. Azərbaycanda kifayət qədər güclü biznes rəhbərlər, liderlə var. Yetər ki, biz onları tapıb, yanlarında bir müddət işləyək”.

“Bacarıq ağlın nişanəsidir” deyiblər. Ağıllı insan tez və ya gec öz qabiliyyəti ilə insanlar arasında müəyyən status qazanır. Amma ən vacib olanı təşəbbüsdür, yəni buna cəhd etmək, səy göstərmək lazımdır. Unutmayaq ki, insanlar iki kateqoriyaya bölünürlər: uğursuzluğuna haqq qazandırmaq üçün bəhanələr axtaranlar və uğura aparan yolda bütün səddləri, maneələri dəf edənlər..