• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1077
— 26.04.2019 10:03

Windows 7 işlədənlərə XƏBƏRDARLIQ

Windows 7 əməliyyat sisteminin dəstəyinin dayandırılacağı ilə bağlı istifadəçilərə bildirişlər göndərməyə başlayan Microsoft korporasiyası onlara yeni kompüter almağı tövsiyə edir. Korporasiya Windows 7 əməliyyat sisteminin dəstəyini 14 yanvar 2020-ci ildə dayandırmağı planlaşdırır. Bu tarixdən sonra Windows 7 yenilənmə mərkəzinin texniki köməyindən və avtomatik yenilənmələrindən istifadə qeyri-mümkün olacaq.

Microsoft lazımi kömək və dəstəkdən yararlanmaq üçün 2020-ci ilin yanvarınadək Windows 10 əməliyyat sisteminə keçməyi məsləhət görür. Korporasiya nümayəndələrinin sözlərinə görə, dəstəklənmə dayandırıldıqdan sonra əməliyyat sistemi işləməkdə davam etsə də, Windows 7 sisteminin idarəetməsi ilə işləyən qurğular virus və hücumlara qarşı daha həssas ola bilər. Gələcəkdə təhlükəsizliyin təmini üçün ən yaxşı vasitə Windows 10 olacaq. Windows 10 sistemindən isə yeni kompüterdə istifadə tövsiyə edilir. Bu sistemi köhnə qurğuya quraşdırmaq mümkün olsa da, bu məsləhət görülmür.

Dünyada 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən NetMarketShare internet xidmətinin statistik məlumatında qeyd edilir ki, fevralda Windows 10 sisteminin bazar payı yanvarla müqayisədə 0,6 faiz azalaraq 40,3 faiz təşkil edib. Windows 7 sisteminin hesabat dövründə payı isə əksinə, 37,19 faizdən 38,41 faizədək artıb.