• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2150
— 01.04.2019 15:40

ARB-nin 4 yaşlı "Günəş"i

KepezTV Player

Uşaqların maarifləndirilməsində, biliklərinin artırılmasında, onların mütaliəyə, oxumağa həvəsləndirilməsində, eləcə də balacaların dünya görüşlərinin genişlənməsində bir vasitənin - televiziyanın da rolunu danmaq olmaz. Fəaliyyətini bütövlükdə məhz gələcəyimiz olan fidanlara həsr edən ölkənin ilk uşaq telekanalı “ARB Günəş” bu gün 4 yaşını qeyd edir. Telekanlada əyləncəli və maarifləndirici verilişlərlə yanaşı, sosial layihələrə də yer verilir. ARB Günəş azyaşlı izləyicilərini milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verilişlərlə sevindirməkdə davam edəcək.

Azyaşlı tamaşaçıların sevərək izlədiyi “ARB Günəş” 2015-ci il aprelin 1-də fəaliyyətə başlayıb. Telekanal efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Televiziya azyaşlı izləyicilərə azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. Ölkənin ilk uşaq kanalında dublyaj studiyası fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim olunur.

“Biz gələcəyik”, “Yuxunuz şirin olsun”, “Gəlin oynayaq”, “Xəbərdar ol”, “Mən məktəbli ikən”, “Kiçikdən - böyüyə” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.

“ARB Günəş” Qarabağ mövzusu və cəbhə bölgəsində yaşayan uşaqlar həyatını əks etdirən videoçarxlar hazırlayıb. Türkiyənin keçirilən ənənəvi Beynəlxalq Uşaq Mediası Konfransında ölkəmizi hər il “ARB Günəş”in nümayəndə heyəti təmsil edir. Televiziya 10 aprel 2015-ci ildən yayımını “Azerspace 1” peyki vasitəsilə həyata keçirir. “ARB Günəş”i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.