31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Samux Rayon İcra Hakimiyyətində "dəyirmi masa" təşkil edilib. Ermənilərin tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətindən danışılıb. Azərbaycanın qədim və əzəli torpaqlarında “Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni millətçilərinin bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atdığı, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər, qətliamlar, qanlı cinayətlər törətdikləri vurğulanıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən daşnaklar 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törədib, on minlərlə soydaşımızı qətlə yetiriblər. "Dəyirmi masa"da azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı iş aparıldığı diqqətə çatdırılıb.
- Baxış: 963