• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 28.03.2019 21:02

Etibar İbrahimov “Ayntraxt Frankfurt” klubunun düşərgəsində olub

KepezTV Player

I Divizionda yaranan fasilə dövründən yararlanaraq Almaniyaya yollanan  “Kəpəz”in baş məşqçisi Etibar İbrahimovun səfəri səmərəli alınıb. Bunu televiziyamıza açıqlamasında çalışdırıcının özü bildirib.

Mərkəzi Avropa ölkəsinə işgüzar xarakter daşıyan səfər vaxtilə ölkəmizdə işləmiş hazırda isə “Ayntraxt Frankfurt”un beynəlxalq əlaqələr üzrə baş menecer Nikolay Adamın dəvəti ilə reallaşıb. Məşqçi Almaniyada olduğu müddətdə Frankfurt klubunun düşərgəsində müasir futbolda tətbiq olunan yeniliklərlə tanış olub təcrübəsini artırmağa çalışıb. Mütəxəssis həmçinin, Bundesliqanın “Ayntraxt Frankfurt” – “Nürnberq” matçına stadiondan baxıb.

Etibar İbrahimov: “Gənc məşqçilər daim inkişafda olmalıdır. Əgər inkişaf etmək istəyiriksə, Avropanın top-klublarına müraciət etməliyik. Orada baş verən müxtəlif yeniliklərlə tanış olmalı, öyrənməliyik. Çempionatda fasilə yarandığından bu müddətdən daha səmərəli şəkildə istifadə etmək qərarına gəldim. Bir neçə dəfə Almaniyada olmuşam. Mənə “Ayntraxt Frankfurt” klubu yaxın olduğundan Nikolay Adamın dəvəti ilə oraya yollandım”.

Gənc mütəxəssis Frankfurt klubunun baş məşqçisi Adi Xyutterlə də görüşüb. Əsas komandanın məşq prosesini izləyib. İbrahimov klubun muzeyinin və akademiyasının fəaliyyəti ilə də yaxından maraqlanıb.

Etibar İbrahimov: “Orada olduğum müddətdə akademiyanın fəaliyyəti ilə yaxından tanış oldum. Daha doğrusu, 2013-cü ildəki səfərimdən fərqli bəzi yenilikləri gördüm. Əgər əvvəllər kütləviliyə fikir verilirdisə, indi kursu dəyişiblər. 9 yaş qrupunda cəmi 180 futbolçu var. Ən yaxşıları, potensialı olanları klubda saxlamağı qərara alıblar. “Ayntraxt Frankfurt”un klub olaraq inkişafı bu gün göz önündədir”.

Etibar İbrahimovdan gələcəkdə “Kəpəz”lə “Ayntraxt Frankfurt” klubları arasında əməkdaşlığın mümkünlüyü ilə bağlı da sorusduq. O sualımızı belə cavablandırdı: “Təbii ki, bu reallaşsa, çox gözəl olar. Belə işbirliyi qurmaq klubumuzun rəhbərliyindən asılıdır. Nikolay Adamın Gəncə futboluna olan hörməti gələcəkdə bu əlaqələrin yaranmasına və inkişafına töhvə verə bilər. Avropanın böyük klubları ilə əməkdaşlıq edən komanda bundan yalnız qazanar. Ümid edək ki, yaxın gələcəkdə bu da olar”. 

Xatırladaq ki, “Kəpəz”in baş məşqçisi əvvəlki illərdə “Bayer” Leverkuzen klubunda, Kölndə Henef Akademiyasında və Almaniya Futbol İttifaqının xətti ilə Frankfurtda təşkil olunan beynəlxalq seminarlarda ixtisasartırma kurslarında olub. 

Azad Rəfi