Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya davam edir. Qərb bölgəsinə ekskursiyaya gələn Qəbələ, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, İmişli və Füzuli məktəbliləri Gəncə şəhəri və Göygöl rayonu ilə tanış olublar.
Məktəblilər Gəncədə Zəfər Tağının önündə qarşılanıblar. Heydər Əliyev Park Kompleksindən başlayan tanışlıq turuna əhalinin istirahəti üçün yaradılan imkanlar, anfiteatr, müasir incəsənət muzeyi, əyləncə kompleksi kimi obyektləri gəzmək daxil olub. Heydər Əliyev Mərkəzi isə şagirdlərin parkla tanışlığının son dayanacağı olub. Burada hər tətil zamanı reallaşdırılan layihənin əhəmiyyətinə toxunulub, dünyagörüşünün artırılması, bölgələrin yaxından öyrənilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından tur-aksiyanın rolundan danışılıb. Mərkəzdə ulu öndərin sovet və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövləri əhatə edən stendlər, Gəncəyə səfərlərini xarakterizə edən şəkillər, elektron kitabxana, kompyuter otaqları, konfrans zalları ilə tanışlıq olub.
Gülay Ağarzayeva - tur-aksiya iştirakçısı: Bu gün biz burada Azərbaycanın qədim və dilbər güşələrindən biri olan Qəbələ rayonunu təmsil edirik. Tur-aksiya çox maraqlı keçir. Aksiya çərçivəsində bizə bölgənin bir sıra maddi və mədəniyyət abidələri ilə yanaşı müəssisələrlə yaxından tanış olmaq imkanı verirlər.
Tatyana Jabina - tur-aksiya iştirakçısı: Mən İsmayıllının İvanovka bölgəsini təmsil edirəm. Biz dünən Şəmkirdə olduq. Bu gün isə Göygöl rayonu və Gəncə şəhəri ilə tanış oluruq. Buranın gözəlliyi və insanların qonaqpərvərliyi bizi valeh edir. Burada biz çox maraqlı və şən vaxt keçiririk.
Gəncə ilə tanışlıq şəhərin tarixi və memarlıq abidələri, istirahət məkanlarının gəzintisi ilə yekunlaşıb.
Tur-aksiya iştirakçılarının Göygöllə tanışlığı da Heydər Əliyev Mərkəzindən başlayıb. Ümummilli Liderin həyatının, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlər maraqla qarşılanıb. Əsası 1819-cu ildə Almanlar tərəfindən qoyulan rayon haqqında qonaqlara məlumat verilib. Heydər Əliyev Park Kompleksində rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, Rayon Tarix-Diyarşünaslıq Muzeyindəki eksponatlar, alman koloniyaçılarının izi olan küçələr və evlər şagirdlərdə rayon barədə böyük təəsurat yaradıb.
Rəşid Mahmudlu - tur-aksiya iştirakçısı: Heç vaxt görmədiyimiz şəhərlərə gəldik. Göygöl şəhərini çox bəyəndim. Öz səfalı təbiəti və şəhərin gözəlliyi ilə göz oxşayır. Biz sevinirik ki belə tur aksiyalar tez-tez keçirilir və Azərbaycanın müxtəlif güşələrinə tez-tez səyahətlər edirik.
Tur-aksiya iştirakçılarının rayonla tanışlığı füsunkar təbiət möcüzəsi - Göygölə səfər etməklə yekunlaşıb.
- Baxış: 751