“Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Açılış mərasimində iştirak edən prezidenti İlham Əliyev forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb. Azərbaycanın xarici siyasətindən danışan dövlət başçısı ölkənin qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb. Bildiribki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır.“Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər” deyən prezident vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.
Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəldib, bu ideyanın dünyada təbliğ edildiyini vurğulayıb. Ölkə başçısı nəqliyyat və enerji layihələrindən danışıb, həmin layihələrin beynəlxalq əməkdaşlığın mühüm hissəsi olduğunu deyib, bu istiqamətdə reallaşdırılan layihələrin ölkələri daha da yaxınlaşdırdığını, əməkdaşlıq üçün yeni körpülər saldığını, enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğulayıb.
- Baxış: 280