Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib. Sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb. Sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən silah tətbiq edilib. Atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılan kiçik çavuş Səxavət Məmmədov sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Vidadi Cəbrayılov isə əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar. Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib. Xidmətin rəhbər heyəti qəhrəmancasına həlak olmuş kiçik çavuş Səxavət Məmmədovun atasına başsağlığı veriblər. Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə Səxavət Məmmədov ölümündən sonra və əsgər Vidadi Cəbrayılov göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılıb.
- Baxış: 590