• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 05.03.2019 20:33

Gəncə şəhər stadionunda yenidənqurma işlərinə start veriləcək

KepezTV Player

Bu haqda gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazir "Kəpəz" futbol klubunun gələcək aqibəti ilə bağlı da danışıb.

Gəncənin Avropanın idman şəhərinin titulu təqdimatı üçün Nizami yurdunda olan gənclər və idman naziri Azad Rəhimov ölkənin ikinci böyük şəhərinin mərkəzi stadionu ilə bağlı jurnalistlərə əhəmiyyətli informasiya verib. Nazir yarım əsrdən çox yaşı olan idman arenasının əsaslı təmir-tikintiyə dayanacağını bildirib. Azad Rəhimov sözlərinə görə bu istiqamətdə işlər gedir və stadionun yenilənməsinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. 

Azad Rəhimov - gənclər və idman naziri:  “Cənab prezident tərəfindən sərəncam imzalanıb. Gəncədə yeni olimpiya idman kompleksi tikiləcək. Nəzərdə tutulurdu ki, həmin kompleksin nəzdində stadion da tikilsin. Amma sonra qərar qəbul olundu ki, əgər Gəncədə stadion varsa, ikinci stadionun tikilməsinə ehtiyac yoxdur. Əvvəlki stadionda tamamilə yenidənqurma işləri aparılacaq.”

Bundan başqa Azad Rəhimov bu il 60 yaşı tamam olan "Kəpəz" futbol klubunun gələn mövsüm Azərbaycan Premyer Liqasında iştirakı məsələsinə də toxunub.

Azad Rəhimov - gənclər və idman naziri:  “Bütün dünyada klublar sponsorlar tərəfindən maliyyələşir. AFFA-nın tədbirində də müzakirə edildi ki, hansı kluba ilboyu nə qədər vəsait lazımdır. Əgər Gəncə şəhərindən və digər regionlardan sporsor tapılarsa, biz çox şad olardıq ki, “Kəpəz” klubu Premyer Liqada öz çıxışına yenidən davam etsin.

Qeyd edək ki, ölkənin ən titullu klublarında sayılan “Kəpəz” ötən mövsüm Premyer Liqada sonuncu yer tutaraq 1-ci diviziona düşüb. Son günlər komandanın elitaya qayıdışı gündəmin əsas müzakirə mövzularındandır.

Orxan Cəfərzadə