Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru 1 nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat daxil olub. Sərhədini pozmağa cəhd edən İran vətəndaşı 44 yaşlı Tahiri Müqəddəm Rza saxlanılıb.Üzərinə baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram “tiryək” aşkarlanıb. Astara polisi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı ilə əlaqədə olan Astara sakini 33 yaşlı Amil Məmmədov şübhəli şəxs qismində saxlanılıb. O, 23 fevralda Ərçivan kənd sakini 33 yaşlı Vüsalə Hacıyeva ilə birlikdə “İstisu” adlanan əraziyə gəldiyini və İran vətəndaşı ilə görüşərək ondan narkotik əldə etmələrini etiraf edib. Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram “heroin”, 540 qram “marixuana”, 300 qram “metamfetamin”, 64 ədəd tropikamid “mydrax”, 100 konvalyutda “preqabalin-150” aşkarlanaraq götürülüb. Saxlanılmış şəxslər barəsində “həbs” qətimkan tədbiri seçilib. Tahiri Müqəddəm Rzanın 2005-ci ildə dövlət sərhədini pozduğuna və narkotik vasitələrin qaçaqmalçılığına görə DSX əməkdaşları tərəfindən saxlanılaraq məhkum olunması, Vüsalə Hacıyevanın isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilib.
- Baxış: 688