• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1756
— 26.02.2019 14:32

Qərb bölgəsinin rayonlarında da Xocalı faciəsinin 27-ci ildönümü anılıb

KepezTV Player

Qərb bölgəsinin rayonlarında da fevralın 25-dən 26-na keçən gecə yaşanan dəhşətin acı nəticələrindən danışılıb.

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılı məcburi köçkünlər Bayraq Meydanından qəsəbə mərkəzindəki soyqırım abidəsinə qədər yürüş ediblər. 4 mindən artıq insan bununla faciə qurbanlarının xatirəsini anıb, ermənilərin törətdiyi cinayəti dünya ictimaiyyətinə çatdırmaq istəyiblər. Soyqırımı qurbanlarının xatirəsi yad edildikdən sonra Xocalı qətliyamı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinə çatdırılması üçün  görülən işlərdən danışılıb, ədəbi-bədii kompozisya nümayiş olunub. 

Goranboyda da anım yürüşü olub. Gənclər parkından başlayan yürüş şəhidlərin xatirəsinə ucaldılan abidəyə qədər davam edib. “Xocalı harayı” adlı meydan tamaşasında 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yaşanan dəhşətli hadisələr canlandırılıb. Anım tədbirində Xocalı soyqırımına dünya birliyinin hüquqi qiymət verməsi üçün başladılan “Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti vurğulanıb.

Şəmkir sakinləri də “Xocalıya Ədalət” çağırışı ilə şəhidlər xiyabanına yürüş ediblər. Burada nümayiş etdirilən kompazisyalarda Xocalıda törədilən soyqırım yeniyetmələrin iştirakı ilə təqdim olunub. Bu faciənin bir sıra Avropa ölkələrində, eləcə də ABŞ-ın bəzi ştatlarında soyqırımı kimi tanınmasından danışılıb. Qarabağın tezliklə azad olunacağına, Xocalı soyqırımını törədənlərin də layiqli cəzalarını alacaqlarına əminlik ifadə edilib. Şəmkir Gənclər Mərkəzinin yetirmələrinin soyqırımına həsr olunan əl işlərinə baxışdan sonra şəhid məzarları üzərinə gül dəstələri qoyulub.

“Kəlbəcər şəhidlərinin abidə kompleksi” önündə yürüş iştirakçıları adından şəhidlərin ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb. “Xocalı əsrin faciəsidir” adlı tədbirdə ermənilərin Azərbaycan xalqına qarşı xəyanətkar əməllərindən danışılıb, bunun etnik təmizləmə və soyqırımı ilə müşayiət edilməsindən söz açılıb. Xocalı faciəsi də bu siyasətin davamı kimi qiymətləndirilib. Soyqırımdan canlarını qurtara bilənlər insanlığa qarşı törədilən cinayət barədə ürək ağrısı ilə danışıblar. Tədbirdə “Xocalı harayı” adlı video çarx nümayiş olunub.