Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub və ”dayan” əmri verilib. Sərhəd pozucusu əlindəki bağlamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olunmuş 4 ədəd bağlamada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tiryək”, 105 qram “marixuana”, həmçinin 190 ədəd həb, 175 ml narkotik tərkibli məhlul aşkar edilərək götürülüb. “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd naryadı tərəfindən alınıb. Sərhəd naryadı “dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayıb, əlindəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr “heroin” narkotik vasitəsi və 1 ədəd tapança aşkar edilərək götürülüb. “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin hərəkətini aşkar edən sərhəd naryadı tərəfindən ”dayan” əmri verilib, lakin sərhəd pozucuları tabe olmayaraq geriyə qaçıblar. Ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 2 ədəd çantanın içərisində 6 kq 670 qr “kokos”, 390 qr kristal şəklində narkotik maddə olan “heroin”, 360 qr “marixuana” və 71 ədəd “psixotrop həb” aşkarlanıb. Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 nəfər Azərbaycan Respublikasının vətəndaşı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 43 yaşlı Seymur Həsənov və 42 yaşlı Ramil İsmayılov saxlanılıb. Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 552