Gəncədə 49 yaşlı qadını maşın vurub. Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən Səfurə Atakişiyevanı vurub. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinin və Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Gəncə şəhər sakini Elmir Veridiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
- Baxış: 918