Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi tərəfindən Lənkəran rayonunun Qamışovka və Siyavar kəndləri istiqamətində sahildən 12.7 mil aralı naməlum üzmə vasitəsinin Azərbaycanın dəniz sektoruna daxil olması müşahidə edilib. Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi hədəfi izləyərkən o, sürətlə cənub istiqamətinə doğru hərəkət edərək, ərazi sularımızı tərk edib. Naməlum üzmə vasitəsinin hərəkət koordinatlarına baxış zamanı dənizdə buya bərkidilmiş 1 ədəd bağlama içərisində tünd qara rəngli bərk halda çəkisi 995 qram olan narkotik vasitə “tiryək” aşkarlanaraq götürülüb. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsinin müqabilində İranda atışma səsləri eşidildiyi üçün sərhəd zastavası “silaha” komandasına qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib. Ərazi dərhal qapadılaraq ətrafda axtarış tədbirləri keçirilib, nəticədə 2 ədəd rəngli çantanın içərisində 6 kq 100 “heroin”, 1 kq 800 qr “metamfetamin”, 200 qr “tiryək” və qayalıqların arasında gizlədilmiş halda 2 ədəd bağlama içərisində 14 kq 850 qram “tiryək” və 6708 ədəd “metadon-40” həbi aşkar edilərək götürülüb. “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İslam Respublikasının 36 yaşlı vətəndaşının üzərinə baxış keçirilib, daxili orqanlarından 71 qram “metamfetamin” və 137 qram narkotik maddə olan “heroin” aşkar olunub. Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşları, Masallı rayon sakinləri 50 yaşlı Mikayıl Hüseynov və 47 yaşlı Eldar Əliyev saxlanılıb. Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmiş Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Elməddin Qəhrəmanov sərhəd pozucusu qismində saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd selofana bükülmüş halda 1080 qram “kokos” tərkibli narkotik maddə, 5 qram “marixuana” və 1 ədəd mobil telefon aşkar olunaraq götürülüb. Faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 304