• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 28.01.2019 14:12

“100 yaşlı Tovuz Futbolu” kitabı ictimaiyyətə təqdim olunub

KepezTV Player

Ötən ilin sonlarında çapdan çıxan nəşri təcrübəli jurnalist Rasim Əliyev qələmə alıb. Tovuz şəhər stadionunda reallaşan təqdimetmə mərasimindən öncə tədbir iştirakçıları 1946-cı ildə faciəvi şəkildə həlak olmuş futbolçuların xatirəsinə ucaldılan qəbirüstü abidəni ziyarət edib, tər qərəfillər düzüblər. Daha sonra akt zalında kitabın təqdimatı olub. Mərasimdə “Turan” komandasının keçmiş futbolçuları, klubun indiki və sabiq rəhbərliyi, azarkeşlər və rayonun ziyalıları iştirak ediblər. Kitabda Tovuzda yaşayan almanlar tərəfindən əsası qoyulan futbolun inkişaf tarixi, Sovet dövründə yerli “Məhsul” komandasının, respublikamız müstəqillik əldə etdikdən sonra isə Tovuzun “Turan” klubunun keçirdiyi oyunlar, Azərbaycan çempionatının statistikası,  nadir fotoşəkillər və digər məlumatlara yer verilib.

Tədbirdə çıxış edənlər Rasim Əliyevi təbrik edib, Tovuz futbolunun 100 illiyini əks etdirən kitabın öhdəsindən ustalıqla gəldiyi üçün öz təşəkkürlərini bildiriblər. Bu vaxta kimi Tovuz futbolu haqda kitabın yazılmadığı, odur ki, bu səbəbdən də nəşrin böyük oxucu kütləsi üçün qiymətli vasitə olduğu  qeyd olunub.

Azərbaycan futbolunun, xüsusən də qərb regionunda bu idman növünün tarixinin araşdırılması yönündə fəaliyyəti ilə seçilən Rasim Əliyev ölkənin ən tanınmış statistiklərindəndir. Müəllif kitabın ərsəyə gəlməsi istiqamətində üzləşdiyi çətinliklərdən danışarkən bu işə həyatının 35 ilini həsr etdiyini açıqlayıb. 

 

Orxan Cəfərzadə