20 Yanvar şəhidlərinin əziz xatirəsi qərb bölgəsində də anılıb. Şəhidlərin qanı bahasına qazanılan azadlığın əbədi olacağına əminlik ifadə edilib.
20 Yanvar hadisəsi qurbanlarının əziz xatirəsi Şəmkirlilər tərəfindən də anılıb. Rayon ictimaiyyəti abidə kompleksi önünə gül dəstələri düzüblər. Faciəyə həsr olunan ədəbi-bədii kompozisya nümayiş etdirilib. Azərbaycan tarixinin həm hüzn, həm də qəhrəmanlıq günü münasibətilə Şəhidlər Xiyabanına qədər yürüş də edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların məzarları ziyarət olunub.
Göygöldə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət edilib. Müstəqilliyimiz uğrunda, torpaqlarımızın ərazi bütovlüyü naminə canlarını qurban verən şəhidlərin xatirəsi yad olunub. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan polis əməkdaşlarının məzarları üzərinə də gül dəstələri düzülüb. 29 il əvvəl Bakıda baş verənlər xatırlanıb.
Samuxda şəhidlər abidə kompleksinə yürüş olub. Rayon ictimaiyyəti 29 il bundan öncə yanvarda şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib önünə tər qərənfillər düzüb. Baş verən hadisələrdən 29 il ötməsinə baxmayaraq, şəhidlərin əziz xatirəsinin heç vaxt unudulmayacağı vurğulanıb.
Goranboy ictiamayyəti də şəhidlər xiyabanını ziyarət edib. Əbədi məşəl kompleksi önünüə tər çiçəklər düzülüb. 20 Yanvar qətliamını əks etdirən foto sərgi ilə tanışlıq olub. Goranboyun 20 Yanvar şəhidi İlqar Kərimovun rayonun Muzdurlar kənd qəbristanlığındakı qəbri də ziyarət olunub, şəhidin ruhuna dualar oxunub.
Kəlbəcərdən olan məcburi köçkünlər də yanvar şəhidlərinin xatirəsini anıb. Şəhidlərin abidə kompleksinin önündə keçirilən tədbirdə şəhidlərin ruhuna dualar oxunub. 20 yanvar faciəsində 1 nəfər Kəlbəcər sakinin şəhid oluduğu, Qarabağ döyüşlərində isə Kəlbəcərin 500 şəhid verdiyi vurğulanıb. Anım tədbiri kompleksinin önünə tər çiçəklərin düzülməsi ilə yekunlaşıb.
Natiq Hüseyn
- Baxış: 755