• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 21.11.2018 13:28

Ağır qəzada iki nəfər öldü

KepezTV Player

Zaqatalada iki nəfərin ölümünə səbəb olan ağır yol qəzası baş verib. Hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Aşağı Çardaqlar kənd sakini, 29 yaşlı Emil Kahayev "Lada Priora" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü Emil Kahayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi, 21 yaşlı Amid Əhməd oğlu Şabanov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Şəkidə zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb. Hadisə şəhərin Yaqub Süleymanov küçəsində qeydə alınıb. Həmin küçədə 14 saylı evdə yaşayan Təyarə Hüseynovanı zibil atarkən avtomobil vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Təyarə Hüseynovaya ilkin tibbi yardım göstərilib və öz istəyilə evinə aparılıb. Zərərçəkən bir neçə müddət sonra evində dünyasını dəyişib.

Şəkidə daha bir qəzada azyaşlı uşağı avtomobil vurub. Hadisə rayonun Vərəzət kəndində baş verib. Kənd sakini 4 yaşlı Mehrab Qasımov babası ilə gedərkən qəfildən yola çıxıb. Bu zaman Baş Zəyzid kənd sakini Asiman Qədirovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil uşağı vurub. Azyaşlı xəstənaya çatdırılarkən yolda dünyasını dəyişib.

Ölümlə nəticələnən daha bir qəza Balakəndə olub. Hadisə Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi magistiralının Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib. Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda doğulan, hazırda Balakən rayonunda kirayədə yaşayan 33 yaşlı Ülvi Əliyev idarə etdiyi minik avtomobili ilə yol qəzası törədib. Ağır bədən xəsarətləri alan sürücü Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Ülvi Əliyev “Mazımçay” Gömrük-Keçid Məntəqəsinin əməkdaşıdı. Tovuz rayonunda da yol qəzası baş verib. Aşağı Quşçu kəndində Fazil Rzayev Mercedes markalı avtomobillə piyada 61 yaşlı Rahilə Namazovanı vurub. Piyada xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Öysüzlü kəndində isə "VAZ-2106" markalı avtomobillə "VAZ-21015" markalı minik maşını toqquşub. Nəticədə Qazax rayon sakini Tofiq İbrahimov və Tovuz rayon sakini Ədalət İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.Faktlarla bağlı araşdırma aparılır.