Çinin rəngli ekranların istehsalı və tədqiqatları sahəsində lider şirkətlərindən biri olan Rouyu Technology dünyanın ilk əyilə bilən smartfon modelini təqdim etdi. FlexPai adlı bu cihazın əsas ideyası ondan ibarətdir ki, o, istənilən an əyilərək smartfon formasını alan böyük ekrana sahibdir. Açıq şəkildə FlexPai 7.8 düymlük ekrana malikdir və dizayn baxımından planşeti xatırladır. Bu cür formatda onun vasitəsilə oyunlar oynamaq, videolar izləmək və ya elektron kitab oxumaq çox rahat olur.
Əyilmiş vəziyyətdə isə ekran 4 düymlük olur. Əyilə bilən ekran qalın çərçivələr ilə əhatə olunub. Şirkətin verdiyi məlumata əsasən bu cihaz 200.000 dəfədən çox əyilməyə tab gətirə bilir. Cihaz Water OS adlı interfeys əsasında Android əməliyyat sistemi vasitəsilə işləyir. Əməliyyat sistemi isə öz növbəsində ekran ölçülərinin dəyişimini dəstəkləyir və iki ekranda çalışmaq üçün adaptasiya olunur. Məsələn əyilmiş formada ekranlardan birində bir tətbiqi, digər ekranda isə tamamilə başqa bir tətbiqi işə salmaq mümkündür. FlexPai Snapdragon 800 seriyasının bilinməyən prosessoru, 6/8 GB RAM, 128/256/512 GB daxili yaddaş və 16 MP + 20 MP ikili kamera ilə təchiz olunub. Bununla yanaşı smartfon sürətli enerji yığma texnologiyasını da dəstəkləyir və onun sayəsində 1 saat ərzində 80% enerji yığa bilir. Dünyanın ilk əyilə bilən smartfon modeli FlexPai məhdud sayda satışa çıxacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 1290$, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 1433$, 8 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 1864$ qiymətinə satılacaq. FlexPai sabahdan etibarən Çində satışa çıxacaq.
- Baxış: 344