• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 19.10.2018 14:30

Gəncə samboçuları dünya birinciliyinin bürünc medallarını qazanıblar

KepezTV Player

Gürcüstanda keçirilən sambo üzrə dünya birinciliyində medal qazanan Azərbaycan yığma komandasının tərkibində Gəncə idmançıları da yer alıb.  Nizami yurdunun təmsilçiləri yeniyetmələrin yarışında fərqləniblər.

Tbilisi mundialında millinin heyətində Vilayət  Bayramovla Hüseyn Hüseynov fəxri kürsüyə yüksəlib. Onlar dünya birinciliyinin bürünc medalını qazanıb. Bayramov  ağırlığı 60, Hüseynov isə 56 kq çəki dərəcəsində olan həmyaşıdları arasında mükafata sahib olub. Maraqlıdı ki, idmançıların hər  ikisi 3-cü yer uğrunda həlledici görüşdə erməni rəqiblərindən üstün olmaqla medala yiyələniblər.

Vilayət Bayramov Gürcüstanda ötən il Yunanıstanda keçirilən dünya birinciliyindəki nəticəsini təkrarlayıb. Vilayət bu il Çexiyada reallaşan Avropa birinciliyində də bürünc qazanıb. Onun komanda yoldaşı Hüseyn Hüseynov üçün isə cari mundial medal əldə etdiyi ilk böyük yarış kimi tarixə düşüb.

Samboçuların hər ikisi Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirməsidir. Onların dünya birinciliyindən medalla qayıtması məktəbdə şadyanalıqla qeyd olunub. Çıxış edənlər idmançıların nəticəsini yüksək qiymətləndirib, qarşıdakı turnirlərdə uğurlar arzulayıb.

Orxan Cəfərzadə