Azərbaycan prokurorluğunun yaranmasının 100 illiyi və prokurorluq orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində Gəncədə şəhər prokurorluğu üçün inşa edilən inzibati binanın açılışı olub. Respublika Baş prokurorunun birinci müavini Rüstəm Usubovun da iştirak etdiyi tədbirdə ölkədə prokurorluq orqanlarının şərəfli fəaliiyətdən, digər hüquq-mühafizə orqanları ilə kordinasiyalı işbirliyindən, dövlət qayğısı nəticəsində infrastrukturun yenilənməsi və prokurorluq əməkdaşlarının rifah halı və iş şəraitinin yaxşılaşdırılmasına diqqət çəkilib. Gəncədə istifadəyə verilən zirzəmi ilə birgə 5 mərtəbəli prokurorluq binası da sadalananların əyani təzahürü kimi qiymətləndirilib. Peşə bayramı ərəfəsində ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə Prokurorluq əməkdaşlarının ölkə başçısı tərəfindən təltif edilməsi minnətdarlıqla qarşılanıb. 30-dan artıq iş otağı, dindirilmə, akt, idman, yeməkxana və digər inzibati otaqlarla tanışlıq yüksək şəraitin yaradılmasına dəlalət edir. Bununla yanaşı mərkəzləşdirilən istilik sistemi üçün qazanxana, su hovuzu və avtomobil dayanacağı da inşa edilib.
- Baxış: 4370