Gəncədə Moda və Dizayn Evinin dəstəyi, "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə regional sərgi keçirilib. Gəncə və ətraf 12 rayondan olan gənc xanımların müxtəlif əl işləri nümayiş olunub. İştirakçılardan 3-ü paytaxtı təmsil edib. Ümumilikdə, 100-dən çox gəncin iştirak etdiyi sərgidə 500-yə yaxın incəsənət nümunəsi sərgilənib. İstedadlı gəncləri üzə çıxarmaq məqsədi daşıyan tədbirin ilin sonunda bir daha keçirləcəyi gözlənilir. Sərgidə nümayiş olunan əsərlərə baxan rəssam-modelyer Fəxriyyə Xələfova fikir və təəssüratlarını gənc istedadlarla bölüşüb.
Fəxriyyə Xələfova - Moda və Dizayn Evinin rəhbəri: Mən bu gün bax belə yaradıcı sərginin açılışında iştirak edirəm. Burada nümayiş olunan əl işlərinin arasında çox maraqlı ideyalar var. İstedadlı xanımların işlərini burda görmək məni çox sevindirir.
Zemfira Ağayeva - "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri: Bu tədbir bir növ gənc xanımların sahibkarlıq fəaliyyətinin ilk addımıdır. İştirakçılar arasında əl işlərini ilk dəfə sərgidə nümayiş etdirənlər də var, bu əlbəttə onlar üçün qürurvericidir.
Zərnişan Əsədzadə - iştirakçı: Təqdim etdiyim əsərlərin hər üçü bəyənildi. Buna görə çox sevinirəm. İstəyərəm ki, belə sərgilər tez-tez nümayiş olunsun.
Nazənin Zaman
- Baxış: 472