Ata qısqanclıq zəminində gənc qızını qətlə yetirib. Hadisə Bakının Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb. Masallı rayonunun Boradigah kənd sakini, 57 yaşlı İlqar Qurbanov rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edə-edə yaxınlıqdakı binanın həyətinə daxil olublar. İlqar Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İlqar Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. Aysel Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib. İlqar Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki, o yaşadığı Masallı rayonunda qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də məsələyə aydınlıq gətirmək üçün Bakıya gəlib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar aparılır. Bərdədən paytaxta işləməyə gələn gənc də qətlə yetirilib. Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon qəsəbəsində baş verib. 21 yaşlı Qafar Hüseynov işlədiyi əlvan metal qəbulu məntəqəsində iş yoldaşı ilə mübahisə edib. Söz savaşının sonunda həmin şəxs Qafar Hüseynova küt alətlə zərbə endirib və gənc dünyasını dəyişib. Polis faktı araşdırır.
- Baxış: 1053