Göygöldə ağır yol qəzası olub. Gəncə-Daşkəsən yolunun rayonun Qızılca kəndindən keçən hissəsində "VAZ 2107" və "VAZ 21015" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfər – Daşkəsən sakinləri 54 yaşlı Pakizə Əliyeva, 31 yaşlı Esmira Əliyeva, Gəncə sakinləri Rövşən Verdiyev və Vəsilə Verdiyeva adlı yaşlı qadın xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Vəsilə Verdiyeva dünyasını dəyişib.
Ölümlə nəticələnən daha bir ağır qəza Tovuzun Ağdam kəndində qeydə alınıb. Otla dolu "Zil" markalı yük maşını Tovuz çayında batıb. Ağdam kənd sakini 45 yaşlı İsmixan Hacıyev də maşının çaydan çıxarılmasına kömək göstərib. Yük avtomobili anidən geriyə hərəkət edib və Hacıyev maşının təkərləri altında qalıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
İsmayıllıda isə 11 yaşlı uşağı maşın vurub. Təzəkənd kənd sakini Fərda Əsədov Muğanlı-İsmayıllı yolunu keçərkən naməlum avtomobillə vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 914