• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 02.07.2018 15:14

Şəmkir, Qazax və Samuxda polis günü qeyd olunub

KepezTV Player

Azərbaycan polisinin yaranmasının 100 illiyi və polis işçilərinin peşə bayramı qərb bölgəsində də təntənəli şəkildə qeyd olunub. Şəmkir, Qazax və Samuxda keçirilən tədbirlərdə Azərbaycan polisinin 1 əsrlik fəaliyyətinə nəzər yetirilib.

Şəmkirdə polis günü münasibəti ilə keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışılıb, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğuna diqqət çəkilib. Rayon polis şöbəsinin əməkdaşlarının Azərbaycanın qanunlarına, xalqa, Vətənə daim sadiq olduğu və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının keçiyində dayandıqları vurğulanır. Dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Veteran polislərə və xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr verilib. Eləcə də rayonun Dəllər qəsəbəsində yeni polis sahə məntəqəsi istifadəyə verilib. Vətəndaşların müraciətlərin vaxtında və obyektiv araşdırılması üçün sahə məntəqəsində şərait yaradılıb.

Qazaxda da polis işçilərinin peşə bayramı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salınıb, dövlətinin formalaşmasında, milli maraqların qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri vurğulanıb. Azərbaycan polisi yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi vəzifələrin öhdəsindən gəldiyi diqqətə çatdırılıb. Polisin peşəkarlığının artırılması, maddi-texniki bazanın beynəlxalq standartlar səviyyəsində qurulması, əməkdaşların sosial şəraitinin yaxşılaşdırılması dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirilib. Vetaran polislərə xatirə hədiyyələri, xidmətdə fərqlənən əməkdaşlara isə fəxri fərman təqdim olunub. Rayon polis şöbəsinin rəisi Ədalət Əliyevə isə polkovnik rütbəsi təqdim olunub.  

Samuxda da  polis işçilərinin peşə bayramı qeyd olunub. 100 illik tarixi olan asayiş keşikçilərinin cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən Qarabağ müharibəsində qəhrəmanlıqlar göstərdiyi, şəhidlik zirvəsinə ucaldıqları xatırlanıb. Son illər Samuxda qeydə alınan ağır cinayətlərin sayının azalması əhali arasında aparılan marifləndirici söhbətlərin bariz nümunəsi kimi dəyərləndirilib. Polis əməkdaşlarının rayonda ictimai asayişin təmin olunmasında müstəsna xidmətləri xatırlanıb. Rayon polis şöbəsində maddi-texniki bazanın möhkəmləndirilməsinin peşə sahiblərinə göstərilən dövlət qayğısı kimi qiymətləndirilib. Tədbirdə veteran əməkdaşlardan və fəal polis işçilərindən bir qrupuna fəxri fərman və hədiyyələr təqdim olunub.

Natiq Hüseyn