Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Qazaxda kompleks mülki müdafiə təlimi keçirib. 302 canlı qüvvə və 60 texnikanın cəlb olunduğu təlimdə mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, partlayış baş verən obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkənlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi tədbirləri yerinə yetirilib. Əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Nazirliyin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə yönəldilib. Eyni zamanda təlim əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına necə riayət olunmasını müşahidə etməyə imkan verib.
Natiq Hüseyn
- Baxış: 672