Gəncənin Hacıkənd qəsəbəsində Azərbaycan ədəbiyyatının və tarixinin böyük bir hissəsini özündə əks etdirən “Nizami Gəncəvi: sələflər və xələflər” adlı parkın açılışı olub. Parkın salınmasında məqsəd bu ərazidə yaşıllıq və mikroiqlim mühiti yaratmaqla yanaşı, Azərbaycanın milli-mənəvi dəyərlərinin yaradılmasında və onların qorunmasında böyük xidmətləri olmuş şəxsiyyətləri təbliğ etmək, Gəncənin qədim Şərqin mədəniyyət mərkəzi kimi zəngin tarixi-mədəni irsə malik olduğunu bu bölgəyə istirahətə gələn yerli və xarici turistlərə göstərməkdir. Parkda suvarma sistemi yaradılıb, burada ağac və gül kolları əkilib. Parkın yuxarı hissəsində postament üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılıb. Abidənin qarşısında Nizami Gəncəvidən əvvəl və sonra yaşamış digər şair və yazıçıların, alim və filosofların, tarixi və əfsanəvi qəhrəmanların heykəlləri qoyulub. Parkdakı bütün heykəllərin müəllifi heykəltəraş Asəf Həsənovdur. Hazırda AMEA-nın Gəncə Bölməsində bu qədim Azərbaycan şəhərində yaşayıb-yaradan görkəmli tarixi şəxsiyyətlərin irsinin araşdırılması istiqamətində elmi tədqiqat işləri davam etdirilir.
- Baxış: 1919