• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1802
— 23.05.2018 21:16

Güclü leysan yağışları və dolu Gədəbəy rayonunda bir sıra fəsadlar törədib

KepezTV Player

Təbitəin şıltaqlığı nəticəsində əkin sahələrinə xeyli ziyan dəyib, kəndarası körpü keçidləri sıradan çıxıb.

Gədəbəydə leysan yağışları rayon ərazisindən keçən Axınca çayını məcrasından çıxarıb. Nəticədə bir neçə evin həyətini və zirzəmisini su basıb. Şınıx bölgəsində yerləşən kəndlərdə mövcud körpü keçidlərindən bəziləri sıradan çıxıb.

Tofiq Rüstəmov sakin: “Dağlardan gələn selin hamısı bu ərazidən keçir. Əgər bir balaca yağış davam etsəydi, tamamilə bu evlərə su dolardı”.

Yağışın ardınca yağan güclü dolu 14 kənddə həyətyanı sahələrə və pay torpaqlara ziyan vurub. Zərər daha çox Düz Rəsullu, Çay Rəsullu, eləcə də Göyəlli kəndlərinə dəyib.

Əhməd Əsgərov sakin: “Bura dağ yeridir. Hamı kartofçuluq və heyvandarlıqla məşğul olur. Elə adam oldu ki məhsulunun yarısını yudu apardı. Dağlıq yerdə olanların demək olar ki, hamısını sıfır vəziyyətinə salıb”.

Hazırda fəsadlar aidiyyəti qurumlara aid işçi qüvvəsi və ağır texnikanın köməkliyi ilə aradan qaldırılır. Körpü keçidlərində piyadaların və avtomobillərin təhlükəsiz gediş-gəlişi təmin olunub.

Vüsal Qocayev kənd icra nümayəndəsi: “Hazırda problemlərin 80 faizı aradan qaldırılıb. Ciddi problem qalmayıb. Həyat öz axarı ilə davam edir”.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir. Təbiətin şıltaqlığı nəticəsində dəyən ziyanın miqdarı müəyənləşdirilir.

 

Natiq Hüseyn