DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta elektron vizalarla Azərbaycan ərazisinə gəlmək cəhdinin qarşısı alınıb. “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı 3 Nepal vətəndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron vizalarının başqa dövlətlərin vətəndaşlarına aid olması müəyyən olunub. 66 yaşlı Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İran vətəndaşı Şahi Ram Bahadurun adına, 25 yaşlı Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, 27 yaşlı Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətəndaşı Shah Qasım Alinin adına verildiyi aşkar olunub. Həmin şəxslərin Azərbaycan ərazisindən tranzit istifadə etməklə Avropaya qanunsuz miqrasiya etmək niyyətində olmalarını göstərən hallar ortaya çıxıb. Nepal vətəndaşlarının Azərbaycanın elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə etmələri, Bakıya turizm məqsədilə səfər etmələrini bildirdikləri halda geriyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etməmələri müəyyən edilib. Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
- Baxış: 1388