• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 11.05.2018 13:31

Qəzalar ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

“Yol terroru” can almaqda davam edir. Bu dəfə Göygöl sakini ömrünün ən gözəl çağında - 24 yaşında məhz qəza səbəbindən bu dünyaya gözlərini yumdu. Yollardan daha bir neçə bəd xəbər də gəldi, yenə təsəllivericidir ki, digər hadisələrdə can itkisi yoxdur.

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. Hacıkənd yolunda yük avtomobili idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı sürücü – Çaykənd sakini, 24 yaşlı Seymur Aydınov hadisə yerində dünyasını dəyişib. Daha iki yol qəzası Şəmkirdə qeydə alınıb. Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində yanacaq daşıyan yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşını dərəyə düşüb. Xəsarət alan 3 nəfərdən ikisi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tibbi yardımdan sonra ambulator müalicəyə göndərilib. Digər yaralı isə Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Digər hadisədə isə qadını maşın vurub. Şəmkir şəhərində Sabirkənd kənd sakini, 62 yaşlı Tamara Sadıxova yolu keçən zaman avtomobillə vurulub. Qadın dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir. Gəncənin Yeni Gəncə yaşayış massivində də yol qəzası olub. İki avtomobilin toqquşması nəticəsində Samux rayon sakini Nürübət Məhərrəmova xəsarət alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə Gəncə şəhər TTYX-yə aparılıb. Tibbi yardımdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.

Faktlarla bağlı hüqüq mühafizə orqanları tərəfindən araşdırılmalara başlanılıb.