• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 09.05.2018 11:03

Robotlaşdırılmış restoran fəaliyyətə başladı

Bostonda ilk dəfə Spyce adlı robotlaşdırılmış restoran istifadəyə verilib. Burada yeməklərin hazırlanması avtomatlaşdırılıb. Massaçusets Texnologiya Universitetinin məzunları tərəfindən ərsəyə gələn ictimai iaşə obyektində əsasən salatlar təklif olunur. Müəssisənin baş kulinarı fransız Daniel Bulyudur. Onun idarə etdiyi restoranlar ümumilikdə 4 ulduz qazanıblar. Spyce-in şef-aşpazı isə amerikalı Sem Bensondur. Restoranın baniləri bildirirlər ki, Spyce restoranı  dünyada qəliz təamları hazırlayan ilk robotlaşdırılmış mətbəxdir. Onların sözlərinə görə, dəfələrlə əlverişli qiymətə sağlam və dadlı yemək tapmaqda çətinliklə üzləşirdilər. Nəticədə isə bu ideyanı gerçəkləşdirmək qərarına gəliblər. Videoçarxdan da aydın olur ki, müştərilər zalda quraşdırılan terminallardan biri vasitəsilə istədikləri təamı seçirlər. Restoranda müxtəlif çeşiddə salatlar, meyvələr, göy-göyərtilər, pendir, çərəz məhsulları, eləcə də toyuq və balıq əti tapmaq olar. Bütün hazırlıq prosesi müştərinin gözü qarşısında baş verir. Özü də cəmi 3 dəqiqəyə yemək hazırdır.