Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi proqramı”na (GCP/SEC/004/TUR layihəsi) müvafiq olaraq təlim kursu öz işinə başladı.
Məlumatların Toplanması üçün Avtomatlaşdırılmış Sistem (MTAS) də daxil olmaqla, çəyirtkəkimilərin monitorinqi və məlumatların idarə edilməsi üzrə təlim FAO-nun beynəlxalq məsləhətçiləri-ABŞ-ın Vayoming Universitetinin professoru Aleksandr Laçıninskiy və coğrafi informasiya sistemləri üzrə ekspert Nadiya Muratova tərəfindən aparılıb.Təlim çəyirtkəkimilərin idarə olunması sahəsində ölkənin potensialını artırmağı və sürü halında hərəkət edərək, respublika ərazisində kənd təsərrüfatı bitkilərinə və miqrasiya etdikdə qonşu ölkələr üçün təhlükə törətmək imkanına malik olan zərərvericiyə nəzarət sisteminin səmərəliliyini yüksəltməyi nəzərdə tutur. Təlimin başlıca məqsədi bu sahədə fəaliyyət göstərən mütəxxəsislərin təkmilləşdirilməsindən ibarətdir.
Təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları, eləcə də ADAU-nin professor, müəllim və tələbə heyəti, o cümlədən, Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun əməkdaşlarıi ştirak edib.
Seminarı giriş sözü ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb, tədbirin Kənd Təsərrüfatının bitki mühafizəsi sahəsində əhəmiyyətindən danışıb və bu sahədə qarşıda duran problemlərin həlli yollarının müzakirə müzakirəsinin vacibliyini deyib. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov çıxışında cəyirtkəkimilərlə mübarizədə dövlət xidmətinin gördüyü işlər, pestisidlərin tətbiqi zamanı istifadə olunan müasir tipli ultrakiçik həcmli çiləyici aqreqatlar haqqında, eyni zamanda bitki mühafizəsi sahəsində görüləcək işlər barədə məlumat verib. Sonra ekspertlər öz işinə başlayıb.
Təlimdə zərərvericilər əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırmaq üçün çəyirtkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarının qiymətləndirilməsi üsulları, çəyirtkələr üzrə məlumatların standartlaşdırılması, məlumat toplanmasının avtomatlaşdırılması sistemi və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair təqdimatlar keçirilib. Praktiki vərdişləri aşılamaq üçün zərərvericinin çoxalması və rezarvasiya mənbələrində tarla təcrübəsi və çəyirtkələr üzrə müasir müayinə üsulları nümayiş olunub.
Təlim çəyirtkələrə dair statistik informasiyanın daxil olunması üçün interfeys və coğrafi informasiya sistemi məhsullarının yaradılması ilə yekunlaşacaq.
Qeyd edək ki, cari ilin may ayının 5-7-də FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə Bakı şəhərində Qafqaz və Mərkəzi Asiya üzrə çəyirtkəkimilərin idarə edilməsinin təfsilatlı təqdimatı (QMAÇİE) üzrə təlim təşkil olunacaq.
Gülnar Fazilqızı
- Baxış: 2072