Gəncədə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunan “Zəriflik” Beynəlxalq Musiqi Festivalı davam edir. Gəncə Dövlət Filarmoniyasın böyük səhnəsində əsl musiqi bayramı yaşanır.
Bədii rəhbəri Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli olan festivalın ilk günündə xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestr çıxış edib. Səhnəyə dəvət alan Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər orkestrın müşayəti ilə dünya musiqi incilərindən seçmələr ifa ediblər.
“Zəriflik” Beynəlxalq Musiqi Festivalının növbəti günü də repertuar zənginliyi ilə yadda qalıb. Bədii rəhbər Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında əsərlər səsləndirilib. Həmçinin Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri də konsertdə iştirak ediblər. Azərbaycan bəstəkarlarının, eləcə də xarici musiqiçilərin əsərləri və səsləndirilən Azərbaycan xalq mahnıları tamaşaçı alqışı qazanıb, musiqisevərlərdə xoş ovqat yaradıb.
Hamad Del-Əmri - BƏƏ vətəndaşı: “Bu xanımı mən uşaqlıqdan tanıyırdım. Biz eyni küçədə yaşayırdıq. O dpğurdan böyük bir alim idi. Faktiki olaraq çox xəstəliklər var idi ki, o insanları bu xəstəliklərdən xilas edirdi. Musiqini çox sevən bir insan idi. Özü pianoda ifa edirdi. Onların evində hər zaman musiqi səslənirdi. Ona görə də Zərifə xanımın yubileyi çox böyük bir hadisədir və ona görə də biz bu festivalı təşkil etmişik”.
Tatyana Leonidovna - İsrail vətəndaşı: “Gəncə hər zaman mənim sevimli şəhərlərimdən biri olub. Günü-gündən gözəlləşir və inkişaf edir. Bu möhtəşəm filarmoniya da bu inkişafın bariz nümunəsidir. Konsert çox xoşuma gəldi. Həqiqətən də mənəvi zövq aldım. Ruhum dincəldi”.
“Zəriflik” Beynəlxalq Musiqi Festivalı bu gün yekun konsertlə başa çatacaq.
Gülnar Fazilqızı
- Baxış: 1446