Naxçıvan MR Dövlət Gömrük Komitəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar. Fakt Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb. Türkiyə vətəndaşı Davut Korkmazın idarə etdiyi DAF markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub. Qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 106 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 108 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyəyə gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İsfahan şəhərində adığını, Naxçıvan üzərindən Türkiyəyə keçirməklə Qaziantep şəhərində adı istintaqa məlum olan şəxsə təhvil verəcəyini deyib. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 932