Gəncə şəhərində yanğın olub. Hadisə şəhərin Totanlı küçəsində yerləşən məcburi köçkünlərin yaşadığı 3 mərtəbəli yataqxanada baş verib. Hadisə yerinə dərhal Gəncə Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Alovun binaya yayılmasının qarşısı alınıb. Binanın üçüncü mərtəbəsində yaşayan Kəlbəcər rayon sakini 43 yaşlı Malik Alməmmədova məxsus evin bir neçə əşyaları yanıb. Yanğın zamanı ev sahibi Malik Alməmmədovla yanaşı az yaşlı övladları - 10 yaşlı Yasəmən, 8 yaşlı Tərlan, 6 yaşlı Şəfiqə, 5 yaşlı Alim, 4 yaşlı Təbriz və 3 yaşlı Tunar Alməmmədovlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Zabit Vəliyev həkim – “Kişi və 6 uşağı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ata şöbəmizə yerləşdirilib. Digər uşaqlar az yaşlı olduqları üçün Uşaq Xəstəxanasına göndərilib. Ataya ilkin yardım göstərilib, yaralar işlənib. Aparılan müayinələr zamanı xəstənin başında və yuxarı ətraflarında ikinci, üçüncü dərəcəli termiki yanğınlar aşkarlanıb”.
Elnur Vahidoğlu
- Baxış: 1073