Anar Səfərov adlı vətəndaş Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək, Cahid adlı şəxsin yalan vədlə onun 60 min manat pulunu mənimsədiyini bildirib. Belə ki, Cahid Anardan külli miqdarda pulu depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəkləri yalanı ilə alıb. 2017-ci ildə zərərçəkən dələduzla Bakıxanov qəsəbəsi ərazisində görüşərək, sözügedən işin görülməsi müqabilində 60 min manatı verib və bir müddət sonra aldandığının fərqinə varıb. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs - Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Cahid İsayev saxlanılaraq istintaqa təqdim edilib. Qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Cahid İsayevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
- Baxış: 702