Astara rayonu istiqamətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olduğu müəyyən edilib. Üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub. Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, müəyyən olunub ki, o, geriyə istiqamətlənərək Xəzər dənizinin Azərbaycana mənsub bölməsini tərk edib. Həmin ərazidə qayıq müşahidə edilib və saxlanılıb. Astara rayon Şahağacı kənd sakinləri Əliağa Quliyevlə Seymur Quliyevin sərhəd sularında üzmə qaydalarını pozduqları müəyyən olunub. Axtarış tədbirlərinin davamı olaraq 1 buya bərkidilmiş 3 bağlama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar edilib. Saxlanılmış şəxslərin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsində iştirakları ortaya çıxıb. Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
- Baxış: 707