Azərbaycan qadının cəmiyyətdə yeri və rolu, 100 il əvvəldən başlayan seçib-seçilmək hüququnun verdiyi üstünlüklər Gəncədə müzakirə edilib. Ölkənin ictimai fəal qadınları Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatının əhəmiyyətindən danışaraq zərif cinsin nümayəndələrinin ölkədə artan rolundan danışıblar.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfransda qadının siyasi-ictimai fəal olaraq cəmiyyətin hərtərəfli inkişafına verdiyi töhfə təqdir edilib. Azərbaycanın 1 əsr əvvələ söykənən müstəqillik tarixində qadının mərdliyi, qeyrəti, ağlı və mədəniyyəti ilə nümunə olması mental dəyərlərin təcəssümü olaraq göstərilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların ictimai fəaliyyəti, 1920-ci süqutundan sonra mühacir olaraq Türkiyədə yaşayan azərbaycanlı qadınlar, erməni separatçılığı nəticəsində Azərbaycan xanımlarının yaşadığı istirablar faktların dili ilə çatdırılıb.
Dilarə Seyidzadə tarix elmləri doktoru, professor: 1907-ci ildə Rusiya Dumasının işində iştirak edən azərbaycanlı nümayəndələr məsələ qaldırırlar ki, qadınlara seçki hüququ verilsin. Çox müzakirələrdən sonra qərarə gəlmişdilər ki, bəli qadınlara seçki hüququ verilsin, lakin seçkilər ayrı-ayrı keçirilsin. Sonra da, yəni Cümhuriyyət zamanı bunların ilk qərarlarından biri qadınlara seçki hüququnun verilməsi olmuşdu.
Nailə Vəlixanlı Azərbaycan Tarix Muzeyinin direktoru: Orada belə gözəl bir bənd var idi: irqindən, millətindən və cinsindən asılı olmayaraq seçki hüququnun verilməsi. Yəni bu ilk dəfə olaraq qadınların, hətta başqa yerlərdə, başqa ölkələrdə, Avropa ölkələrində belə olmayan hüququn verilməsi idi. Bu bax bu idi.
Elmira Süleymanova ombudsman: Cumhuriyyət dövrünün qadınları və bu günün Azərbaycan qadınları... Bunlar özünü hakimiyyətdə də, parlametdə də doğruldurlar. Elə təkcə götürək özünüidarəetmə orqanlarını. Nə vaxt olub Azərbaycan tarixində ki,özünüidarəetmə orqanlarında 4 faizdən artıq qadın olsun. Bu gün onalrın sayı 30 faizdən çoxdur.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından regionlarda fəallığı ilə seçilən, bununla ictimai-siyasi həyatda fərqlənən qadınlar mükafatlandırılıblar.
- Baxış: 739