Bu dəfə yola çıxan piyadaların üzü gülmədi. Mənzil başına getmək istəyənlərin yolu xəstəxanaya düşdü. Kimisi sürücülərin günahi ucbatından, kimisi də öz məsuliyyətsizliyinə görə.
Balakəndə yolu keçmək istəyən iki piyadanı maşın vurub. Rayonun Talalar kənd sakini Tural Əliyev idarə etdiyi “VAZ 21 015” markalı minik avtomobili ilə qəza törədib. O, yolu keçmək istəyən piyadalar, rayonun Tülü kənd sakinləri 50 yaşlı Rəfael İsayevi və 29 yaşlı Rəşad Haqverdiyevi vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkənlər Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Ucarda zəncirvari qəza olub. Şəhərin Azərbaycan küçəsində "Nissan", "Mercedes" və "VAZ-2106" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən minik avtomobilləri yol kənarında dayanan Ucar rayon sakinləri – 38 yaşlı Seymur Rəhimov və 46 yaşlı Rüstəm Mirzəliyevi vurub. Piyadalar Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Bakının Binəqədi rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb. 49 yaşlı Elmdar Kərimov Azadlıq prospektində yolu piyadalar üçün müəyyən edilməmiş yerdən keçən zaman onu minik avtomobili vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktlarla bağlı araşdırmalara başlanılıb.
- Baxış: 423