Xaçmaz-Quba yolunun Xaçmazın Alıc kəndi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. "VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub. Nəticədə 2 nəfər Quba rayonu Nügədi kənd sakinləri 46 yaşlı Zülfüqar Şahbazov və 24 yaşlı Rəşid Qasımov hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri - 45 yaşlı Elçin Əliyev, 23 yaşlı Cavid Zülfüqarov və 53 yaşlı Iftixar Hacıyev Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, "VAZ 2106"-nın sürücüsü, Elçin Əliyev həyatını xilas etmək mümkün olmayıb. O dünyasını dəyişib. Digər iki nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Daha bir ağır qəza Salyanda olub. Hadisə səhər saatlarında Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. Masallı rayon sakini, 57 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Bakı şəhər sakini, 57 yaşlı Natiq Əliyevin idarə etdiyi "Toyota" markalı avtokran toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Masallı rayon sakinləri, 18 yaşlı Asif Qardaşov və 17 yaşlı Şəbnəm Musayeva hadisə yerində dünyasını dəyişib. 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov isə xəsarətlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qəzada dünyasını dəyişən Asif Qardaşov BDU-nun 1-ci kurs tələbəsi imiş. Onun qardaşının da keçən il avtoqəzada həyatını itirdiyi deyilir. Ağdaş rayonunun Ləki qəsəbəsində də ölümlə nəticələnən yol qəzası baş verib. Şərur rayon sakini 28 yaşlı Oruc Hümbətzadə idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb və nəticədə hadisə yerində ölüb. Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sürücü, 28 yaşlı Oruc Hümmətzadənin meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.Bütün faktlar araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 1107