1990-cı illərdə skuterlər istehsal edən Micro Mobility Systems adlı İsveçrə şirkəti özünün ilk avtomobilini – Microlinonun final prototipini təqdim edib. Maşın əfsanəvi BMW Isetta mikrokarının stilində hazırlanıb və Avropa bazarında yaz aylarında peyda olacaq. Microlino haqqında ilk dəfə üç il bundan qabaq xəbər yayılmışdı və həmin ərəfələr birinci dəfə ictimaiyyət onun şəkli ilə tanış olmuşdular. 2016-cı ildə Cenevrə avtoşousunda ilk prototip debüt edib. Ən son variant 2,5 metr uzunluğa, 1,5 metr enliyə və 300 litr baqaj həcminə malikdir. 450 kiloqramlıq mikrokarın, BMW Isettada olduğu kimi ön hissəsi tamamilə açılır. Yenilik 20 at güclü elektromotor və litium-dəmirfosfat akkumlyatorlarla işləyəcək. Onları ya 8, ya 14,4 kilovatt-saatlıq variantlarla əldə etmək mümkündür. Birincisi ilə mikrokar 120 km, ikincisi ilə 215 kilometr birdəfəyə məsafə qət edə biləcək. İlk 50 km/saat sürəti yığmaq üçün Microlinoya 5 saniyə kifayətdir. Maksimal sürətsə 90 km/saatdır. İndiyəqədər şirkət Microlino avtomobili üçün təxminən 4,6 min ədəd sifariş qəbul edib. İtaliyanın Tazzari firması tərəfindən yığılacaq maşının qiyməti 12 min avrodur.
Cavanşir Məmmədzadə
- Baxış: 511