• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1107
— 16.01.2018 14:17

Yol qəzalarında xəsarət alanlar var

KepezTV Player

Lənkəran- Lerik  yolunda qəza olub.Hadisə səhər saat 6 radələrində Lerik rayonunun Hamarmeşə kəndi ərazisində qeydə alınıb. Belə ki, Nodar kənd sakini Teymur Zərbiyevin sükanı arxasında olduğu avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Avtomobildə olan 5 nəfər -Lerik rayon sakinləri, 64 yaşlı Nurxan Zərbiyev, 40 yaşlı Teymur Zərbiyev, 40 yaşlı Şəhla Zərbiyeva, 58 yaşlı Aygün Kişiyeva, 31 yaşlı Adoğlan Kişiyev xəsarət alıb. Yaralılar kənd sakinlərinin köməyi ilə avtomobildən çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub. Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.

Zaqatalada isə gecə saatlarında bir nəfərin ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 110-cu kilometrliyində qeydə alınıb. Zaqatala rayonu Əliabad qəsəbə sakini, 56 yaşlı Ruşan Hudulov idarəetdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən, Zaqatala-Bakı marşutu ilə hərəkət edən sərnişin avtobusunu ötmək istəyib. Ancaq ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra deformasiyaya uğramış avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalan Ruşan Hudulov hadisə yerinə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ruşan Hudulov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Bakının Sabunçu rayonunda isə piyadavurma hadisəsi yaşanıb. Qəza rayonun Ramana qəsəbəsi ərazisində yerləşən Şuşa şəhərciyində qeydə alınıb.Avtomobil yolu keçmək istəyən 32 yaşlı Rafiz Ələkbərovu vurub. Piyada döş qəfəsinin əzilməsi xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına sürücü tərəfindən gətirilib. Yaralıya tibbi yardım göstərilib. Sürücü izahatı alınması üçün Polis İdarəsinə aparılıb. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.