Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Qarasu kəndi ərazisində “Daewoo” markalı, Qırmızı Körpü-Bakı marşrutu üzrə işləyən rayonlararası sərnişin avtobusu yoldan keçən piyada Abdulabad kənd sakini, 15 yaşlı Barı Həmzəyevi vuraraq öldürüb.
Gəncədə də yol qəzası baş verib. Şah İsmayıl Xətai prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yolu keçmək istəyən 68 yaşlı Validə Rüstəmovanı 9 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu vurub. Sürücü hadisə yerini tərk edib. Qadın isə yaxınlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Tibb müəssisəsinin travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Fakt araşdırılır. Qazaxda da yolu keçmək istəyən qadın istədiyi ünvana deyil, xəstəxanaya getməli olub. 35 yaşlı Ayna Əhmədovanı avtomobil vurub. Həkimlər Əhmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 981