Ev bizim, sirr bizim deyib atalar. Ancaq elə evlər var ki, onların sirri-sorağı yerləşdiyi ərazidən çox-çox uzaqlara gedib çıxır. Qəribə və maraqlı evlər... Onlar dünyanın hər yerində mövcuddur, o cümlədən də Gəncədə... Əməkdaşımız Gülnar Fazilqızı indi həmin evlərdən birnin tarixcəsi ilə bizi tanış edəcək...
Gəncədə “Butulkalı ev”i tanımayan yoxdur. Qeyri-adi görünüşü ilə bu bina həm şəhər sakinlərinin, həm də şəhərə gələn turistlərin diqqətini cəlb edir, lakin çoxları bilmir ki, o tək deyil... Şəhərdə öz görünüşü ilə adi evlərdən fərqlənən bir tikili daha var...
Gəncənin kənar məhəllələrindən birində, gözlərdən uzaqada kiçik bir ev var. Öz görünüşü ilə digərlərindən fərqlənən, divarları başdan başa çini qablarla hörülü olan bir ev...
Evin ilk sahibi Əli Əliyev 1970-80-ci illərdə Gəncə Çini Qablar Zavodunda çalışıb. Burada işlədiyi müddətdə istehsal prosesi zamanı yararsiz hala düşən məhsulları toplayıb, və nəticədə bu şəkildə, səmərəli formada istifadə edib...
Ev 1985-ci ildə inşa edib. İstifadə olunan 5 minə yaxın çini qablar arasında çayniklər üstünlük təşkil etdiyindən tikili elə “Çaynikli ev” adlandırlır.
İlk baxışdan elə təsürat yaranır ki, ev bütövlükdə çini qablardan inşa edilib, əslində isə elə deyil. Diqqətlə baxdıqda aydın olur ki, bina adi qaydada kərpicdən inşa edilib. Daha sonra isə bu çini qablar həmin kərpiclərin üzərinə hörülüb.
12 uşaq atası olan Əli Əliyev həyat yoldaşı vəfat etdikdən sonra yenidən ailə qurub və bu evdə elə ikinci həyat yoldaşı ilə yaşayıb. 1993-cü ilə, yəni vəfat edənədək. O, dünyasını dəyişdikdən sonra oğlu evi satıb. 32 il bundan əvvəl inşa edilən ev “son günlərini” yaşayır desək, yanılmarıq... Gəncə Regional Mədəniyyət və Turizm idaəsindən bildirdilər ki, bina özəl mülk olduğundan, onun təmiri və bərpası ev sahiblərinin üzərinə düşür... Görünən odur ki, bir müdət sonra "çaynikli ev"dən geriyə divara ilişib qalan şüşə və xatirə qırıntıları olacaq...
Gülnar Fazilqızı
- Baxış: 1324