Gədəbəydə gənclərin mübahisəsi qanlı sonluqla nəticələnib. Onlardan biri digərini qətlə yetirib. Əməkdaşlarımız öldürülən şəxsin yaxınlarından hadisənin motivini öyrənməyə çalışıb.
Qanlı olay Gədəbəy rayonunun Söyüdlü kəndində baş verib. Kənd sakini 33 yaşlı Rəşad Süleymanov həmkəndlisi 27 yaşlı İbrahim Həsənəliyevi bıçaqlayıb. Sonuncu yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Nəcəf Həsənəliyev - mərhumun atası: “Qonşunun maşını ilə aparanda qarşımıza təcili yardım çıxdı. Təcili yardımsa bir iynə vurdular, xəstəxanaya apardıq. Xəstəxanada dedilər buna xeyri yoxdur, bunun şah damarı üzülüb. Heç nə, qolumda öldü”.
İbrahim Həsənəliyevin anası Ceyran Həsənəliyevanın sözlərinə görə, oğlu hadisədən bir qədər əvvəl onunla telefon əlaqəsi yaradıb. Kəndin mərkəzində həmkəndliləri olduğunu deyən İbrahim bir azdan evə gələcəyini bildirib, ancaq bir neçə dəqiqə sonra ana oğlunun bıçaqlandığını eşidib.
Ceyran Həsənəliyeva - mərhumun anası: “Telefonla mənimlə danışan vaxtı vurub. Anidən vurub özü də, ölümçül yerindən vurub. Bu biləndir, damarına vurub. Birini də ürəyinə vurub, amma deyirlər 3-4 dəfə vurulub. Özü də içtimai yerdə vurub”.
Hadisədən sonra polis və prokurorluq əməkdaşları cinayət törədilən əraziyə gəliblər. Zəruri istintaq hərəkətləri aparılıb, şahid ifadələri alınıb. Cinayəti törədən Rəşad Süleymanov saxlanılaraq istintaqa təqdim olunub.
Fuad Piriyev - müstəntiq:“Süleymanov Rəşad Tapdıq oğlunun cinayət əməlini törətməsi ilə əlaqədər kifayət qədər sübütlar olduğundan, o, təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir”.
Qətlə yetirilən İbrahim Həsənəliyev ailəlidir. İki övladı var. Qətlin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.
Natiq Hüseyn
- Baxış: 733