BMW şirkəti M3 sedanının ən güclü CS adlı variantını təqdim edib. Model indi daha sürətli və yüngül alınıb, sayı isə cəmi 1200 ədəd olacaq. Yenilik yenə də 3 litrlik turbomotorla təchiz edilib. Amma bu motor adi sedandakında 421 at gücü yığsa da, yenisində 460 at gücü yığmaq iqtidarındadır. Aqreqat bir cüt muftası olan 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə işləyir. Gücləndirilmiş M3 üçün “mexanika” təklif olunmur. BMW M3 CS 3,9 saniyə ərzində 0-dan 100 km/saatadək sürət yığır, yəni öncəkindən cüzi də olsa cəlddir. Maksimal sürət isə 280 km/saatla məhdudlaşdırılıb. Yeni sedan karbon materialından dam, karbon fiberdən kapot, ön splitter, arxa diffuzor və baqajın qapağında spoyler əldə edib. Avtomobilin çəkisi əvvəlkindən 50 kq yüngül - 1585 kiloqramdır. M3 Competition Package-də olduğu kimi CS-də də eyni asmaya və amortizatorlara rast gəlmək olar. Maşında indi M-differensial, idmansayağı sürətlənmə, 19 və 20 düymlük disklər var. Avadanlıq qismində karbon keramikalı əyləc əlçatan olacaq. BMW M3 CS-in sifarişləri Avropa növbəti ilin yanvarından başlanacaq. Müştərilər isə onu mart ayından tez sürə bilməyəcəklər.
Cavanşir Məmmədzadə
- Baxış: 449