Bakının Binəqədi rayonunda, Azadlıq prospektində iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Yolu keçmək istəyən 19 yaşlı Aysel Şahmalıyeva və bacısı 16 yaşlı Elmina Şahmalıyevanı minik avtomobili vurub. Hər iki yaralı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.
Sabunçu rayonunda ahıl kişini avtomobil vuraraq ağır xəsarət yetirib. Belə ki, Məhəmmədi qəsəbəsində 63 yaşlı Etibar Ağalarov yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.
Yasamal rayonunda isə ahıl qadını vuran sürücü hadisə yerindən uzaqlaşıb. Metronun "20 Yanvar" stansiyasının yaxınlığında, yolun digər tərəfinə keçmək istəyən 68 yaşlı Fəridə Səmədovanı avtomobil vurub. Hadisəni törədən sürücü məsuliyyətdən yayınmaq üçün avtomobili ilə birgə hadisə yerindən uzaqlaşıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları sürücünün axtarışına başlayıb.
Daha bir qəza paytaxtın Nərimanov rayonunda olub. Qəza Gənclik metrosunun yaxınlığında yerləşən tuneldə qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan Kia markalı avtomobilin sürücüsü tuneldə dönmə əməliyyatı edən zaman idarəetməni itirib. Nəticədə avtomobil divara çırpılıb. Qəza zamanı sürücü xəsarətlər alıb. Ona ilkin tibbi yardımı hadisə şahidləri göstəriblər. Daha sonra sürücü xəstəxanaya aparılıb.
- Baxış: 521