• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2014
— 06.11.2017 13:09

Ağır yol qəzaları baş verdi

KepezTV Player

Yol qəzaları yenə də kimisə canından, kimisə sağlamlığından etdi. İki avtomobilin toqquşması faciə ilə nəticələndi. İki nəfər həyatını itirdi, əmisinin adını daşıyan gənc isə qohumunun öldüyü yaşda komaya düşdü. Daha bir hadisənin qurbanı piyada oldu. Başqa bir qəzada isə avtomobilin körpüyə çırpılması ağır nəticələndi.

Ağcabədinin Boyad kəndində Rahib Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil Şamil Mirzəyevin sükanı arxasında olduğu “VAZ-2107” ilə toqquşub. Sərnişin Şamo Məmmədov hadisə yerondə ölüb. Sürücülər isə yaralı halda Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 38 yaşlı Şamil Mirzəyev tibb müəssisəsində vəfat edib. Ağdam rayonu, Mahrızlı kənd sakini 20 yaşlı Rahib Məmmədov isə komadadır. O, Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı Rahib Məmmədovun qardaşı oğludur və əmisinin adını daşıyır. Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və 20 yaşında qəhrəmanlıqla həlak olub. Ağır yol-nəqliyyat hadisələrindən daha biri Balakəndə baş verib. Rayon sakini, 64 yaşlı Yusif Ukalayev idarə etdiyi “Honda” markalı minik avtomobili ilə piyada, rayonun Talalar kənd sakini 52 yaşlı Tofiq Musayevi vurub. Tofiq Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Balakən polisi sürücünü saxlayıb. Qaxda minik avtomobili körpüyə çırpılıb, nəticədə iki nəfər xəsarət alıb. Hadisə Qax-Şəki avtomobil yolunun 1-ci kilometrliyində baş verib. Laçın rayonundan olan məcburi köçkün, 34 yaşlı Elsəvər Həsənov idarə etdiyi "VAZ 21010” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın Kürmük çayı üzərindəki dəmir körpüyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini, Qax rayon Əmbərçay kənd sakini, 27 yaşlı Bəhruz Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Elsəvər Həsənova qapalı kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Bəhruz Məmmədovun vəziyyəti isə kafi hesab edilir. Lənkəranda da iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ələt-Astara yolunun Göyşaban kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Mitsubishi” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın kanala aşıb. Avtomobildə olan Sabir Əliyev və Ağamir Mövsümov müxtəlif dərəcəli xəsarət alıblar. Onlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların Bakı-Ələt-Astara-İran yolunun tikintisində çalışdıqları bildirilir. Faktlar araşdırılır.

 

Zülfiyyə Telmanqızı