Bakının Xətai rayon ərazisində qətl törədilib. Hadisə Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında baş verib. Paytaxt sakini 31 yaşlı Vüqar Həsənov tanışı Elşən Məmmədovla mübahisə edib. Əlbəyaxa davaya çıxan əvvəllər məhkum olunmuş şəxslər bıçaqla bir-birinə çoxsaylı xəsarətlər yetiriblər. Onlar 3 saylı şəhər klinik Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Elşən Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Xətai rayon polis idarəsi və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib, müayinələr aparılıb. Yaralı Vüqar Həsənov müalicəsini polis nəzarəti altında davam etdirir.
Novxanı bağlar massivində isə İran vətəndaşını qətlə yetiriblər. Bağ evlərindən birində 23 yaşlı Saman Möhtatinin meyiti aşkarlanıb. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 779