Daxili işlər orqanları əməkdaşları tərəfindən keyfiyyətsiz yeyinti və sənaye məhsulları hazırlamaqla insan sağlamlığına ciddi təhlükə yaradan, müxtəlif xəstəliklərin yaranmasına səbəb olan, həmçinin ölkənin iqtisadi dayaqlarına, ayrı-ayrı dövlətlərlə idxal-ixrac əməliyyatlarına zərər vuran şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-tədbiri həyata keçirilib. Təfərrüatları elə indicə biləcəksiniz.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya, Belarus, eləcə də digər dövlətlərdə istehsal olunaraq Azərbaycana ixrac edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrinin qanunsuz hazırlanmasını həyata keçirən, bununla da insanların sağlamlığına zərər vuran şəxslər zərərsizləşdiriliblər. Əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri - Abil Hüseynov, Bərxudar Həsənov və İlqar Mirzəyevin rəhbərlik etdiyi 10 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Onlara məxsus Biləcəri, Sulutəpə və Saray qəsəbələrində yerləşən gizli anbarlara və sexlərə, həmçinin yaşadıqları evlərin zirzəmilərinə, saxlanc yerlərinə baxış zamanı içkilərin hazırlanması üçün istifadə edilən 10 ton mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və sair texniki avadanlıqlar aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq cinayətkar dəstə üzvləri tərəfindən hazır məhsul halına gətirilərək satış üçün qablaşdırılan saxta spirtli içkilər paytaxtda və bölgələrdə yerləşən anbarlardan tapılaraq maddi sübut kimi götürülüb. Ekspert rəyinə görə, aşkarlanan məhsulların tərkibində insan orqanizmi üçün ciddi təhlükə yaradan aseton mövcuddur. Araşdırmalarla müəyyən edilib ki, dəstə üzvləri qurduqları şəbəkə vasitəsilə içkilərin satışını datəşkil ediblər. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb və saxlanılanlar barəsində həbs qətimkan tədbirləri seçilib, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 553