Nəfsə hakim kəsilə bilməyəsən bir, birdən kimsə görər qorxusuyla pəncərə sındırıb xəstəlik tapasan iki, günaha batasan üç, hələ bir bu qədər əziyyətdən sonra oğurladıqların lazımsız ola bu da dörd... Bu dəfəki dələduzun başına gələnlər belədir. O başa gələnlər ki, bir daha saxtakarlıqla nicata çatmağın mümkünsüzlüyünü başa salır.
Alla Nukradze adlı şəxs polisə müraciət edərək, Binəqədi rayonu ərazisində ona məxsus “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 12000 manat dəyərində kosmetoloji avadanlıqların oğurlandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Araz Əmiraslanov saxlanılıb. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış zamanı oğurladığı əşyalar aşkar olunaraq götürülüb.
Saxlanılan şəxsin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun bu ilin sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 13 nəqliyyat vasitəsinin şüşəsini sındıraraq, mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı da məlum olub. Qeyd edilən faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis əməkdaşları o şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Binəqədi RPİ-yə müraciət edə bilərlər.
Zülfiyyə Telmanqızı
- Baxış: 502